Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
23.12.2025Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli, №622 saylı Sərəncamına uyğun olaraq, dünya şöhrətli cərrah, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyi münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Təhsil fakültəsinin dekanı, dosent Firuzə Rzayeva, Xarici dillər kafedrasının müdiri, dosent Həqiqət Hacıyeva, kafedranın dosenti Salman Nuriyev, professor və müəllim heyəti iştirak edib.
Dəyirmi masada Təhsildə Xarici dillər kafedrasının professoru Əsgər Zeynalov geniş məruzə ilə çıxış edərək akademik Mustafa Topçubaşovun həyat və yaradıcılığı, elmi və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, M.Topçubaşov azərbaycanlıların qədim mədəniyyət mərkəzlərindən olan İrəvanda anadan olub, İrəvan gimnaziyasını qızıl medalla bitirib, Kiyev Universitetinin Tibb fakültəsində təhsil alıb. O, deportasiya həyatı yaşamasına baxmayaraq, tibb elminə mühüm töhfələr verib, analgeziyanın kəşfi ilə tarixə düşüb, Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri seçilib, Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb və tibb elminə dair fundamental əsərlər müəllifi olub.
Tədbir çərçivəsində həmçinin Topçubaşov nəslinin nümayəndəsi, xarici dillərin metodikası sahəsində mərhum professor Gülnar Hüseynzadənin elmi fəaliyyəti, alimliyi və insani keyfiyyətləri haqqında çıxışlar edilib.
Dəyirmi masa akademik Mustafa Topçubaşovun zəngin elmi irsinin və Azərbaycan elminin inkişafındakı xidmətlərinin təbliği baxımından əhəmiyyətli olub.














