Anar Fərəcov: On bir il ana dilində təhsil alan şagird öz fikirlərini akademik səviyyədə ifadə edə bilmir

Anar Fərəcov: On bir il ana dilində təhsil alan şagird öz fikirlərini akademik səviyyədə ifadə edə bilmir

24.11.2025 Off By Füzuli İsmayılov

Müstəqil ölkəmizdə aparılan dil quruculuğu Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaradıb. Lakin bu sahədə hüquqi baza təkmilləşmədikcə mövcud problemlər mütəxəssis və ziyalı müzakirələrinin çərçivəsindən kənara çıxmayacaq.

Bunu AZƏRTAC-a açıqlamasında BDU-nun Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.

“Məlumdur ki, gənclərin ana dilini mənimsəməsi erkən yaşlardan başlayır. Bəkir Çobanzadənin dediyi kimi, əvvəlcə uşaqlara ana dili, sonra isə ədəbi dil öyrədilməlidir. Təəssüf ki, ölkəmizdə müasir intellektual səviyyəyə uyğun cizgi filmləri nə çəkilir, nə də dünyanın məşhur cizgi filmləri Azərbaycan dilinə tərcümə olunur. Bu sahədə ciddi problem açıq şəkildə görünür. Nəticədə hazırkı uşaqlar türk, rus və ingilis dillərindəki cizgi filmlərinə baxır və sonradan nitqlərində həmin dillərdən alınma sözlərdən istifadə edirlər”, – deyə A.Fərəcov qeyd edib.

O, bu gün ali məktəblərə qəbul olunan gənclərin Azərbaycan dilində danışıq və yazı səviyyələrinin məişət üslubunu aşmadığını deyib: “Müəllimlərin üzləşdikləri əsas problemlərdən biri də budur: On bir il ana dilində təhsil alan şagird bu gün öz fikirlərini Azərbaycan dilində akademik səviyyədə ifadə edə bilmir. Tələbələr imtahan suallarını yazılı şəkildə cavablandırarkən də fikirlərini elmi-ədəbi tələblərə uyğun formada təqdim etməkdə çətinlik çəkirlər. Buna görə də bizim fikrimizcə, Azərbaycan dili orta ümumtəhsil pilləsindən başlayaraq beynəlxalq normativlərə uyğun səviyyələr üzrə tədris olunmalı, mərhələlərarası ardıcıllıq təmin edilməli, ali məktəblərdə Azərbaycan dilini öyrənən tələbələr isə müəyyən bir səviyyədən başlayaraq gələcək peşəkar fəaliyyətləri üçün ana dilində yazmaq və danışmaq bacarıqlarını həmin səviyyəyə uyğun şəkildə inkişaf etdirməlidirlər”.

Share