İlqarın iki silahı – cərrah bıçağı və qələmvə yaxud Şair qəlbli həkim

İlqarın iki silahı – cərrah bıçağı və qələmvə yaxud Şair qəlbli həkim

17.09.2025 Off By Füzuli İsmayılov

Bəzən həyat bizə elə insanlarla rastlaşmaq imkanı verir ki, onların haqqında yazmaq özü bir şərəfdir. Bu insanlar həm peşəkar olduqları sahədə, həm də həyat tərzlərində nümunəyə çevrilirlər. İxtisasca həkim, könlü isə şair olan İlqar Yusubov məhz belə insanlardandır.
İlqar həkimi tanıyanlar yaxşı bilirlər ki, o, yalnız bir peşənin çərçivəsinə sığacaq insan deyil. Onun ömrü insanlara xidmətlə yoğrulub – gündüzlər xəstələrin qayğısına qalır, gecələr isə könlünü sözə verib poeziyanın işıqlı dünyasına səyahət edir. O, həm insan sağaldan həkimdir, həm də qəlblərə yol tapan şair.
Onun şeirlərindəki səmimiyyət oxucunu ilk misradan özünə çəkir. “Ölümü sevdim, Ana” şeirində anasız qalan ömrün nisgili o qədər canlı təsvir olunur ki, oxucu sanki öz ağrısını görür o misralarda. İlqar həkimin sözləri ağır ədəbi oyunlarla deyil, sadə və təmiz kəlmələrlə toxunur, amma o sadəliyin içində böyük bir həyat fəlsəfəsi gizlənir.
Yazılarında kənd həyatı, yurd nisgili, köç yolları, qatar obrazı tez-tez qarşımıza çıxır. Onun üçün qatar sadəcə nəqliyyat deyil, həyatın, ayrılığın, taleyin simvoludur. “Mən kənddən çıxanda qatarla çıxdım” misralarıyla oxucunu uşaqlıq arzularından gəncliyin ilk həyəcanlarına qədər aparır.
İlqar həkimlə söhbət edən hər kəs anlayır ki, onda poeziya yalnız qələm işi deyil, həm də həyat tərzidir. Onunla bir masa arxasında əyləşib poeziya haqqında danışmaq saatların necə keçdiyini unutmaq deməkdir. Misralardan, şairlərin taleyindən, bəzən də sadəcə həyatın özündən danışır və bu söhbətlər insana sanki bir dərs, bir ibrət olur.
İlqar Yusubov həm də çox kövrək qəlbli və səxavətli insandır. Dostunun sevincinə şərik olmaqda da, dərdinə ortaq çıxmaqda da ürəyini əsirgəməz. Onun səxavəti yalnız əlaçıqlığında deyil, daha çox mənəvi aləminin zənginliyindədir.
Əslində, həkimliklə şairlik arasında bir oxşarlıq var: hər ikisi insanın yarasına məlhəm olur. Biri canı sağaldır, o biri ruhu. İlqar Yusubov bu iki missiyanı eyni anda daşıyır və buna görə də onun şeirləri oxucunun qəlbinə tez yol tapır. Çünki o, insanı yaxından tanıyır – həm xəstənin dərdini, həm də dostun nisgilini.
Onun poeziyası bir daha sübut edir ki, şeir yalnız qafiyələrin düzülüşü deyil, insanın içindən süzülüb gələn yaşantıdır. İlqar həkimin misralarında da, söhbətlərində də, dostluqlarında da həmin yaşantının izi var. O, həm xəstənin yarasına məlhəm olan həkimdir, həm də könüllərə işıq saçan şair.
Bu yazının sonunda bir ifadə onu bütünlüklə əhatə edir: İlqar – şair qəlbli həkim.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı.

Share