ADU-nun fəxri məzunu Vüsal Hümbətzadə ilə müsahibə

ADU-nun fəxri məzunu Vüsal Hümbətzadə ilə müsahibə

19.10.2024 Off By Füzuli İsmayılov

Vüsal bəy, zəhmət olmasa özünüz haqqında məlumat verin.

-Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam.

Hansı dilləri bilirsiniz?

-Urdu, Fransız, İngilis dillərini bilirəm. İspan və İtaliyan dillərini öyrənməyə çalışıram.

Sizcə, Kamal Abdulla rektor kimi ADU-ya hansı yeniliklər gətirdi?

İlk olaraq onu deyə bilərəm ki, ADU-da bir çox mərkəzlər açıldı: Multikulturalizm mərkəzi, Macar dili və mədəniyyəti mərkəzi, İndoneziya araşdırmalar mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Serb dili və mədəniyyəti mərkəzi, Hindi dili və mədəniyyəti mərkəzi, Rusiyaşünaslıq mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi, Erməni araşdırmalar mərkəzi, Yunanıstan mədəniyyət mərkəzi və s. Adını çəkdiyim ölkələrin səfirləri, ayrı-ayrı nümayəndələri mərkəzlər tərəfindən universitetə dəvət olunur, müəllim və tələbə heyəti ilə görüşürlər. Eyni zamanda adını çəkdiyim ölkələrin bir çoxunda Azərbaycan mərkəzləri də fəaliyyət göstərir. Həmin mərkəzlərin də təşəbbüskarı məhz Azərbaycan Dillər Universitetidir, universitetin rektoru Kamal Abdulladır.

-Kamal müəllim universitetə maraqlı bir ənənə gətirib? “Bir günlük xəlifə” ənənəsi

Ənənənin mahiyyəti ondan ibarətdir ki, ilin bir günündə ADU-nu xəlifə-tələbələr idarə edirlər – rektor, prorektor, dekan və şöbə müdirləri vəzifələrində. Xəlifə-tələbələri digər tələbə yoldaşları seçirlər. Seçilmiş tələbələr hətta vəzifədə olduqları bir günün əmək haqqını da alırlar. Xəlifə-tələbələr universitetin elmi-pedaqoji və ictimai həyatı ilə bağlı müxtəlif qərarlar qəbul edirlər. Həmin qərarlar universitet Elmi şurasında müzakirə olunur və həyata keçirilir.

Kamal müəllim bir rektor olaraq universitetin ölkədaxili əlaqələrini də diqqət mərkəzində saxladı, orta məktəblərlə, xüsusən də qaçqın-köçkün məktəbləri ilə universitet arasında geniş əlaqələr yaratdı. Bu əlaqələrin bir forması bölgələrdəki orta məktəblərdə universitet müəllimlərinin və universitetin yuxarı kurs tələbələrinin xarici dillərdən dərs deməyidirsə, başqa bir forması universitetin keçirdiyi müxtəlif tədbirlərə orta məktəb müəllim və şagirdlərinin cəlb edilməsidir. Tədbirlərə misal olaraq bu yaxınlarda keçirilmiş “Heydər Əliyev və türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird konfransını göstərmək olar. Konfransda Bakıdakı orta məktəblərlə yanaşı, Cəbrayıl (Cocuq Mərcanlı), Ağdam, Füzuli, Biləsuvar rayonlarındakı orta məktəblərin də müəllim-şagird heyəti iştirak edib. Ayrıca Yaradıcılıq fakültəsinin ADU-da fəaliyyət göstərməsi də akademik, Xalq yazıçısı Kamal Abdullanın adı ilə bağlı yeniliklərdəndir. Yüksək səviyyəli ədəbiyyatşünasların, eləcə də dilçilərin dərs dediyi bu fakültədə şeir, nəsr və dramaturgiya sahəsində xüsusi istedadı olan gənclər təhsil alırlar və söz sənətinin incəliklərinə yiyələnirlər. İki illik təhsil müqabilində Yaradıcılıq fakültəsinin məzunlarına ADU və Mədəniyyət Fondu adından xüsusi diplom verilir.Kamal müəllimin xüsusi diqqət yetirdiyi məsələlərdən biri universitet müəllimlərinin elmi səviyyəsinin daha da artırılmasıdır. Kamal müəllimin təşəbbüsü ilə bu istiqamətdə atılan müxtəlif addımlar sırasında tanınmış alimlərin universitetdə Elmi seminarının təşkil edilməsi, ən müasir və ən aktual mövzularda məruzələrin dinlənilməsidir.
Azərbaycan Dillər Universitetində akademik Kamal Abdullanın adı ilə bağlı yenilikləri saymaqla qurtarmaz. Yeniliklər sayəsində universitetdə yaranmış sağlam elmi-pedaqoji şəraitin parlaq nəticəsidir ki, Azərbaycanda ilk dəfə olaraq universitetimiz QS beynəlxalq reytinq cədvəlində 161 ölkədən 1594 Ali Təhsil müəssisəsi arasında 301-ci yerə layiq görülüb.

Kamal Abdullanı bir insan kimi necə səciyyələndirərdiniz?

-Zahirən zəhmli görünsə də, son dərəcə həssas qəlbi olan bir insan kimi.

Gənclərə tövsiyyələriniz nələrdir?

-Xaricdə təhsil almaq istəyənlərə bu yolda uğurlar arzulayıram. Xaricdə təhsil almaq arzusunda olanlar əsla geri çəkilməsinlər. Gənclərimiz heç bir çətinlikdən qorxmasınlar və daim hədəfinə doğru irəliləsinlər.

Ümumiyyətlə, cəsarətli, optimist, inamlı olmaq lazımdır. Hər gün hədəfinizə doğru irəliləməlisiniz. Avropada oxumaq sadəcə hədəfin yarısıdır, təhsili uğurla başa vurub ixtisasınıza uyğun gözəl bir iş tapmaq isə əsl hədəfdir. Hər kəsə bir daha bol-bol uğurlar arzu edirəm.

Müsahibəni yazdı

Aytən Əlizadə,

jurnalist

Share