ÖLÜMDƏN SONRA HƏYAT VƏ YA SAĞLIĞINDA DEMƏDİKLƏRİMİZ
20.04.2024Qəribədir, bəzən sağlığında təmtəraqla ad günü, yubiley keçirməyən bir insanın ölümündən sonra yubileyləri, anım tədbirləri keçirilir. 35 ildir ki, Zərifə xanım Budaqova aramızda yoxdur. Amma unudulmayıb, həmişə xatırlanır, hörmətlə yad olunur. Bəlkə, elə belə də olmalıdır…
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Zərifə İsmayıl qızı Budaqova yaşasaydı, indi 95 yaşı olardı. Taleyi elə gətirdi ki, heç 60 illik yubileyini də keçirə bilmədi. Lakin, nə yaxşı ki, insan ömrü təkcə illərlə ölçülmür…
Zərifə Budaqova Azərbaycan Sovet Sosialist Respublikasının ilk qaçqınlarından idi – heç bir hüquqi statusu, güzəşti olmayan, heç yerdə adı belə çəkilməyən qaçqınlardan. O zamanlar böyük və qüdrətli Sovetlər İttifaqının “qardaş” respublikalarının birindən o birisinə qovulmaq, sürgün edilmək, qaçqınlıq rəsmi səviyyədə yasaq edilmiş mövzu idi.
İrəvan Pedaqoji İnstitutunda təhsilini yarımçıq qoyub, Bakıya köçmək məcburiyyətində qalmış Zərifə xanım bir qaçqın taleyi yaşadı, çox əziyyətlər, məhrumiyyətlər gördü, amma bu böyük faciəni heç kəsə açıq danışa bilmədi. Yerin də qulağı var…
Çox qeyrətli, dözümlü, iradəli və mətanətli bir qadın idi Zərifə xanım. Taleyinə düşmüş bütün sınaqlara, çətinliklərə, məhrumiyyətlərə dözə bildi, mənliyini, qürurunu itirmədi, böyük elmi uğurlar qazandı, ömür-gün yoldaşı, Azərbaycan Elmlər Akademiyasınnın həqiqi üzvü – akademiki, coğrafiya elmləri doktoru, professor Budaq Budaqovla birlikdə üç uşaq böyütdü, şərəfli bir həyat yolu keçdi.
Bir az da yaşasaydı, bizim Qarabağ boyda faciəmizi görəcəkdi Zərifə xanım. Elə bil hiss eləmişdi bu ağır faciənin dəhşətli nəfəsini. Ölümündən iki gün əvvəl xəstəxananın reanimasiya şöbəsində mənə dediyi sözlər indi də qulaqlarımda səslənir: “Bu işlərin axırı yaxşı olmayacaq”. Yaxşı tanıyırdı onları Zərifə xanım. Bizi gözləyən hadisələrin dəhşətini də qabaqcadan hiss etdiyindən elə faciəli günlərimizin astanasındaca ürəyi tab gətirmədi. 1989-cu il noyabrın 10-da Zərifə Budaqova Bakı şəhərində, xəstəxanada gözlərini əbədi yumdu.
Zərifə xanım üçün bu faciə – Dağlıq Qarabağ faciəsi erkən – 1948-ci ildə başlamışdı. Əslində isə, bu faciənin tarixi kökləri çox-çox uzaqlara gedib çıxırdı.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Zərifə İsmayıl qızı Budaqova 1929-cu il aprelin 28-də İrəvan şəhərində anadan olmuşdu. 1936-cı ildə orta məktəbə getmiş, 1942-1945-ci illərdə təhsilini İrəvan Pedaqoji Texnikumunda davam etdirmiş, 1945-1948-ci illərdə isə İrəvan Pedaqoji İnstitutunun tələbəsi olmuşdu. 1948-ci ildə məcburiyyət qarşısında qalıb təhsilini yarımçıq qoyaraq Bakıya pənah gətirmiş və təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmişdi. Çətin həyat şəraitinə baxmayaraq, Zərifə xanım ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, elə həmin il Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuşdu. O, 1949-cu ildə dissertasiya işi üzərində daha səmərəli işləmək üçün SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutuna ezam olunmuşdu.
Zərifə xanım ona bəslənilən ümidləri doğrultdu. 1953-cü ildə Moskvada SSRİ EA Dilçilik İnstitutunda “Azərbaycan dilində feilin növləri” (Vikipediyada onun namizədlik dissertasiyasının adı “Azərbaycan dilində feilin tərz kateqoriyası” kimi qeyd olunmuşdur) mövzusunda namizədlik dissertasiyasını böyük uğurla müdafiə etdi. Qeyd etmək lazımdır ki, bir azərbaycanlı qızının o illərdə Moskvada uğurla dissertasiya müdafiə etməsi, elmi dərəcə alması fəxrolunası bir hadisə idi.
1953-1955-ci illərdə Zərifə Budaqova Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 1955-ci ildən 1989-cu ilə (ömrünün sonuna) kimi Müasir Azərbaycan dili şöbəsinin müdiri, sonralar eyni zamanda elmi işlər üzrə direktor müavini və Dilçilik İnstitutunun direktoru vəzifələrində işləmişdir.
1963-cü ildə Zərifə xanım böyük uğurla “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə “Azərbaycan dili” ixtisası üzrə professor diplomu almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və filologiya elmləri doktoru elmi dərəcəsi və professor elmi adı almış ilk dilçi-alimdir. 1984-1988-ci illərdə o, Dilçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Zərifə Budaqova Dilçilik İnstitutunun ilk (və hələ ki yeganə) qadın direktoru olmuşdur (1988-1989).
1964-cü ildə Zərifə xanımın doktorluq dissertasiyası ilə bağlı tədqiqatları ayrıca kitab şəklində çap olunmuşdur.
Zərifə Budaqovanın “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə” monoqrafiyası çoxillik səmərəli axtarışların ümumiləşdirilmiş nəticəsidir. Zərifə xanıma qədər sadə cümlənin bəzi məsələləri haqqında müxtəlif fikirlər deyilsə də, bütövlükdə problem araşdırılmamış qalmışdı. Müəllif dünya dilçiliyində, eləcə də türkologiyada sadə cümlə haqqında yazılmış bütün elmi əsərləri, müxtəlif konsepsiyaları təhlil etməklə, fundamental bir əsər yaratmağa müvəffəq olmuşdu. Təsadüfi deyil ki, 60 il bundan əvvəl yazılmasına baxmayaraq, bu monoqrafiya indi də öz aktuallığını, elmi əhəmiyyətini itirməmişdir.
Zərifə Budaqova ömrünün ən məhsuldar dövründə, yaradıcılığının çiçəkləndiyi vaxtda dünyasını dəyişdi. Azərbaycan dilinin tədqiqi ilə bağlı Dövlət Proqramı layihəsində Zərifə xanımın həyata keçməmiş bir çox arzuları öz əksini tapmışdır. Dilçilik İnstitutu əməkdaşlarının müasir Azərbaycan dilinin tədqiqi sahəsində son uğurları akademik Məmmədağa Şirəliyevin və onun layiqli yetirməsi olan Zərifə Budaqovanın işıqlı xatirələrinə dərin ehtiram nümunəsi kimi səciyyələndirilə bilər.
Zərifə Budaqova Müasir Azərbaycan dilinin morfologiyasına, sintaksisinə, üslubiyyatına, tədrisinə, eləcə də türkologiyanın bir çox aktual problemlərinə həsr olunmuş dəyərli əsərlərin müəllifidir.
O, “Azərbaycan dilinin qrammatikası” (I, II hissə), “Azərbaycan bədii dilinin üslubiyyatı”, “Müasir Azərbaycan dili” (üçcildlik), «Самоучитель азербайджанского языка» və vəfatından sonra işıq üzü görmüş “Azərbaycan dili xaricdə”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dilinin üslubiyyatı” kimi fundamental əsərlərin müəlliflərindən və redaktorlarından biri olmuşdur. Zəhmətkeş alim “Müasir Azərbaycan dilində sadə cümlə” (1964), “Azərbaycan dilində durğu işarələri” (1977), «Азербайджанский язык» (1986), «Основы грамматики современного азербайджанского языка» (1987) kimi monoqrafiyaların, keçmiş SSRİ və Respublika elmi jurnal və məcmuələrində çap olunmuş yüzlərlə elmi məqalə və tezisin müəllifidir.
Zərifə Budaqovanın Azərbaycan dilinin tədrisi və təbliği sahəsində də xidmətləri böyükdür. Onun dilçiliyin müxtəlif sahələrinə həsr olunmuş əsərləri ali məktəb müəllimləri və tələbələri üçün dərs vəsaiti kimi də çox faydalıdır. Azərbaycan dilinin həm Azərbaycan, həm də rus dillərində ilk mükəmməl elmi qrammatikası Zərifə Budaqovanın rəhbərliyi və təşəbbüsü ilə yazılmışdır. «Самоучитель азербайджанского языка» kitabının çapında da onun böyük əməyi olmuşdur. Eləcə də, dilçi-alimin rus dilində çap olunmuş «Азербайджанский язык» və «Основы грамматики современного азербайджанского языка» kitabları ana dilimizin tədrisi və təbliği ilə bağlı qiymətli mənbələrdir. Həmin əsərlərin yazılmasının məqsədi Azərbaycan dili ilə maraqlananlara və onu öyrənmək istəyənlərə ana dilimizin səciyyəvi xüsusiyyətləri, başqa türk dilləri ilə oxşar və fərqli cəhətləri barəsində yığcam və populyar şəkildə məlumat vermək idi.
Zərifə xanım gələcəkdə ingilis, fransız, alman və ərəb dillərində də “Azərbaycan dili” dərsliyinin yazılması zərurətinin yarandığını göstərirdi. Respublikamızın müstəqillik qazandığı və bir çox xarici ölkələrlə iqtisadi-siyasi sahələrdə münasibətlər yaratdığı indiki dövrdə, görkəmli dilçi alimin həyata keçməmiş arzularının aktuallığı bir daha hiss olunur.
Zərifə Budaqova bir çox beynəlxalq, keçmiş ümumittifaq və respublika elmi məclislərində Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmiş, maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Keçmiş SSRİ EA-nın akademiki A.N.Kononov Zərifə xanımın Azərbaycan dilçiliyi, eləcə də türkologiya sahəsində xidmətlərini yüksək qiymətləndirirdi. Xalq yazıçısı Mirzə İbrahimov Zərifə Budaqovanın Azərbaycan ədəbi dilinə həsr olunmuş əsərlərinin olduqca qiymətli olduğunu və onların istedadlı tədqiqatçı, zəhmətsevər və fədakar bir alim qələminin məhsulu olmasını xüsusi olaraq qeyd edirdi. Bir çox digər görkəmli dilçilərin, tanınmış türkoloqların Zərifə xanımın özü və elmi fəaliyyəti barəsində dəyərli fikirləri elmi ictimaiyyətə yaxşı məlumdur.
Kiçik bir haşiyə. Ötən əsrin 70-ci illərində (1976-cı ildə) mənim diplom işimi Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna rəyə göndərmişdilər. O vaxtlar Zərifə xanımın rəhbərlik etdiyi Müasir Azərbaycan dili şöbəsinin nəzdində “Riyazi dilçilik” qrupu fəaliyyət göstərirdi. Diplom işim şöbədə yüksək qiymətləndirildi, ona gözəl rəy verildi. Zərifə xanım bununla kifayətlənmədi, məni İnstitutun direktoru akademik Məmmədağa Şirəliyevə təqdim etdi. Dedi ki, gözəl diplom işi yazıb, “istedadlı oğlandır, heyifdir, itib-batar, onu işə götürmək lazımdır”. Beləliklə, diplom aldığım gün, 1976-cı ilin avqustunda işə götürüldüm. Birgə iş prosesində həmişə gənc kadrlara, o cümlədən mənə göstərilən qayğı və köməyi hiss etdim. Sonralar məni elmi təcrübə üçün Leninqrada (indiki Sankt-Peterburqa) ezam etdilər. Həyatımda qazandığım uğurlara görə mən bu iki dəyərli insana – akademik Məmmədağa Şirəliyevə və müxbir üzv Zərifə Budaqovaya minnətdaram.
Çox vaxt səmimi, xeyirxah, mehriban, yaxşı (sözün bütün mənalarında), dəyərli bir insanla uzun müddət bir yerdə işləyir, ünsiyyətdə olursan. Lakin onun böyüklüyünü, qeyri-adi insani keyfiyyətlərini sanki hiss etmir, lazımi səviyyədə qiymətləndirmirsən. O böyüklük, əzəmət, qeyri-adilik, həmin adamın yoxluğundan sonra daha qabarıq hiss olunur.
Zərifə xanımın bir alim və bir insan kimi yüksək keyfiyyətləri onun vəfatından keçən 35 illik zaman məsafəsindən daha aydın nəzərə çarpır.
Görkəmli alim və təşkilatçı, Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Z.İ.Budaqovanın vəfatından 35 il keçir. Onun əziz xatirəsi həmişə ehtiramla yad olunur, əsərləri öyrənilir, elmi axtarışları, araşdırmaları davam etdirilir.
Tanınmış Azərbaycan dilçisi Z.İ.Budaqovanın anadan olmasının 95 illiyinin qeyd olunması barədə AMEA Rəyasət heyətinin sərəncamı zəhmətsevər alimin əziz xatirəsinə dərin ehtiram kimi səciyyələndirilə bilər.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!











