Deputat: Prezidentin demokratikləşmə ilə bağlı seçimi ölkəmizin inkişafına yeni təkan verdi

Deputat: Prezidentin demokratikləşmə ilə bağlı seçimi ölkəmizin inkişafına yeni təkan verdi

10.03.2024 Off By Füzuli İsmayılov

Güclü demokratik dövlət olmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Demokratiya isə cəmiyyətin maraqlarına xidmət etməyə yönəlmiş dövlət quruculuğu üçün əvəzolunmaz şərtdir. Təbii ki, demokratiya bir anda yaradılmır. Bunun üçün dövlət-vətəndaş münasibətlərini yeni səviyyəyə yüksəldəcək islahatların dərinləşdirilməsi qaçılmaz zərurətdir. Siyasi müstəqiliyimizin bərpasından ötən müddət ərzində davamlı islahatlar həyata keçirən Azərbaycan bu sahədə böyük uğurlara imza atması ilə fərqlənir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışında bu mühüm məqama xüsusilə toxunaraq, bütövlükdə ölkəmizin inkişafına dair çox mühüm, önəmli fikirlər səsləndirmiş və dəyərli tövsiyələrini vermişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, islahatlar daimi inkişaf yolu və yeni çağırışlara cavabdır. Onlar dövlətin davamlı inkişafını təmin etmək, yeni çağırışlara adekvat cavab vermək, eyni zamanda, idarəetmə sistemini təkmilləşdirmək bacarığıdır. Siyasi müstəqilliyini bərpa etdikdən sonra yeni çağırışlar qarşısında qalmış Azərbaycan da islahatlar yolunu tutdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar ölkənin simasını kökündən dəyişdirdi. Növbəti islahatlar dalğasının başlanacağının anonsu isə 2018-ci ildə verildi. Məhz həmin il aprelin 18-də andiçmə mərasimində Prezident İlham Əliyev islahatların yeni dalğasını elan etdi və bununla da ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlandı. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində Azərbaycanda demokratiya quruculuğu sahəsində 15 illik təcrübənin olduğunu, siyasi mübarizə fenomeninin özünün düzgün istiqamətdə inkişaf etdiyini bildirdi.

Bu gün hakimiyyətin bütün qollarında – qanunvericilik, icra və məhkəmə sistemlərində islahatlar aparılır, prosesin sadələşdirilməsi məqsədilə yeni hüquqi aktlar qəbul edilir. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi, hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından başlayaraq daha da intensiv həyata keçirilir. İslahatların ən mühüm nəticəsi ondan ibarətdir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası sayəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikada inkişaf edir. Ötən müddət ərzində aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan digər sahələrdə – orduda islahatların aparılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həmçinin təhsil sahəsində islahatların aparılmasında inkişafı davam etdirdi.

Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların başlandığını isə Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirmişdi. Dövlətimizin başçısı çıxışında parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdi. Seçkilərdə bütün siyasi qüvvələrin iştirak etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev diqqətə çatdırmışdı ki, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini əldə edib və siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

“2020-ci il seçkilərindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm də müavin seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir. Əlbəttə, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi qiymətləndirilir”, – deyə R.Mahmudov vurğulayıb.

Deputat sonda qeyd edib ki, heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmiz qarşısında ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, xalqın əksər hissəsini siyasi sistemin daha da demokratikləşməsinə səfərbər etməyi bacardı. Lakin siyasi kursun həyata keçirilməsi üçün əhalini səfərbər etmək siyasi liderin həyata keçirdiyi ən mühüm vəzifələrdən yalnız biridir. Digər iki vəzifə siyasi sistemin vəziyyətinin diaqnostikası və onun dəyişmə istiqamətinin seçilməsidir. Beləliklə, Azərbaycan Prezidentinin demokratikləşmə lehinə etdiyi seçimi ölkəmizin hərtərəfli inkişafına yeni təkan verdi.

Share