HEYDƏR ƏLİYEVİN QAYIDIŞI AZƏRBAYCANIN XİLASI, GƏLƏCƏYİMİZİN QURUCULUĞU İDİ

HEYDƏR ƏLİYEVİN QAYIDIŞI AZƏRBAYCANIN XİLASI, GƏLƏCƏYİMİZİN QURUCULUĞU İDİ

03.03.2023 Off By Füzuli İsmayılov

Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir.

Heydər Əliyevin xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları ilə qovuşması XX əsrin son onilliklərində Azərbaycanın milli yüksəlişi kimi özünü büruzə vermişdir. Sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarəti, ona xas olan müdrikliklə siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Heydər Əliyev bilirdi ki, məhz bunun sayəsində xalqın özünə inamı arta bilər. Bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir.

Unudulmamalıdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir ki, bu da atılan addımların milli – məfkurə məna tutumuna malik olduğuna heç bir şübhə yeri qoymur. İqtisadi inkişafın formalaşdırdığı milli özünəinam hissləri mədəni-mənəvi yüksəlişin yaratdığı milli özünüdərk və özünüifadə istəkləri ilə tamamlanaraq əslində müstəqillik məfkurəsinin gündən-günə möhkəmlənən nüvəsini əmələ gətirirdi. 1977-ci ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi yuxarıda irəli sürülən tezisi təsdiqləmək gücündə ola biləcək çoxsaylı dəlillərin ən bariz nümunəsi sayıla bilər.

Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi milli məfkurəvi rol oynamasını da diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü-özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.

Qətiyyətlə demək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi çağdaş tariximizə əslində müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi, sözün həqiqi mənasında, Heydər Əliyevə qayıdış və əlbəttə, Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq üçün Heydər Əliyevə qayıdışa, qazanılmış müstəqilliyi geriyədönməz milli sərvətə – müstəqil dövlətə çevirmək üçün isə Heydər Əliyevin qayıdışına möhtac idi. Müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının dövlət qurucusu olan güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi.

Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan məfkurə prinsipindən daha populyar ideyası olaraq qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək lazımdır ki, haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyası əslində ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı.

Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı.

Bu baxış Azərbaycanımızın xilası, gələcəyi, parlaq inkişafı idi.

Asif Məcidov

Protez-Ortopedik İstehsalat və Reabilitasiya mərkəzinin direktoru

Share